Twitter Azərbaycanı hədəf alan Ermənistan hökümətinə məxsus 35 hesabı bloklayıb.
Twitter sosial şəbəkəsi manipulyasiya siyasəti qaydalarını pozması səbəbilə Ermənistan, İran və Rusiya ilə əlaqəli 373 hesabı ləğv etdiyini açıqlayıb.
Məlumat twitter-ə məxsus bloqda paylaşılıb. Qeyd olunub ki, manipulyasiya siyasəti çərçivəsində Ermənistan hökuməti ilə əlaqəsi olan 35 hesab araşdırılıb və ləğv olunub. Bu hesablar Azərbaycanı hədəf alan və Ermənistan hökuməti üçün geostrateji cəhətdən əlverişli olan məlumatların yayılması məqsədilə yaradılıb.
Bəzi saxta hesablar Azərbaycanda fəaliyyət göstərən siyasi xadimlər, dövlət adamları və xəbər qurumlarının adına yaradılıb. Hesablar azərbaycanlı izləyici sayını artırmaq və gələcəkdə Ermənistan hökümətinə faydalı olacaq məlumatların tirajlanmasını təmin etmək üçün spam xarakterli fəaliyyətlərlər göstərib.
Açıqlamada həmçinin İranda fəaliyyət göstərən 238 hesabın da bloklandığı qeyd olunub. Bu hesablardan 130-u ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir edəcək fəaliyyətlər göstərdikləri səbəbilə FTB tərəfindən daxil olan məlumatdan sonra keçən ildən araşdırılmağa başlamışdı.
Həmçinin Rusiyada da iki fərqli istiqamətdə araşdırma aparılıb və 100 hesab ləğv olunub. Məlum olub ki, 69 hesabdan ibarət şəbəkə NATO-nun nüfuzunun sarsılması istiqamətində aktivlik göstərib. Daha 31 hesab isə Avropa Birliyi və ABŞ hökümətini hədəf alaraq fəaliyyət göstərdiyi üçün ləğv olunub.