Telefon asılılığı yuxu rejiminə mənfi təsir edir (Araşdırma)

Frontiers Psychiatry adlı psixologiya jurnalında yayımlanan yeni araşdırmada 18-30 yaş arası 1000-dən çox insanın gündəlik telefon istifadəsi araşdırılıb.

Smartfon asılılığını müəyyən etmək üçün 10 sual verilən təcrübə iştirakçılarından 40%-nin belə bir asılılığı olduğu müəyyənləşib. Araşdırmada telefonların gec saatlara qədər istifadəsinin də böyük ölçüdə asılılıqla əlaqəli olduğu məlum olub.

Smartfonlarına daha çox bağlı olan şəxslərin yuxu keyfiyyətinin də aşağı olduğu ortaya çıxıb. Araşdırmanın nəticələrinə əsasən gecə gec saatlara qədər telefon istifadəsi yuxuya getmədə çətinlik çəkmə, yuxu müddətinin azalması və gündüz yorğunluğuna səbəb olur.

Ekspertlər telefonları Grayscale (boz ton) rejiminə keçirilməsini tövsiyə ediblər. Bu rejimin telefonu daha az cəlbedici vəziyyətə gətirəcəyini açıqlayıblar.

Mütəxəssislər yuxudan öncə yataqda və ya yataq otağında kompüter, mobil telefon kimi cihazların yığışdırılmalı olduğunu qeyd ediblər. Hər hansı bir cihazdan gələn işığın yuxu hormonu olan Melatonin səviyyəsinə təsir etdiyi barədə xəbərdarlıq ediblər.

azAzerbaijani