Təkrar emal (recycle) nədir, təkrar emalın əhəmiyyəti.
Günümüzün ən aktual məsələlərindən biri təkrar emaldır. İngilis dilində “recycle” olaraq ifadə edilən bu proses təbiət, iqtisadiyyat və insanlar üzərində birbaşa təsirə malikdir. Hətta mövzunun həssaslığına diqqət çəkmək üçün “Beynəlxalq Təkrar Emal Assosasiyası” 2019-cu ildən Mart ayının 18-ni “Dünya Təkrar Emal” günü elan etmişdir. Biz isə bu məqaləmizdə təkrar emalın nə olduğunu, əhəmiyyətini və təsirlərini sizlərlə paylaşacağıq.
Təkrar emal nədir?
İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır. Bu tullantıların bir qismini (plastik, metal, kağız, şüşə və.s) fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Sadə dildə ifadə etsək, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi təkrar emal adlanır.
Təkrar emalın əhəmiyyəti.
Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Alüminium, mis, plastik, kağız, kauçuk, şüşə, elektron tullantıları kimi materialların yenidən istehlak prosesinə daxil edilməsi təbii ehtiyatların tükənməsinin qarşısını alacaqdır. Məsələn, istifadə olunmuş kağızın təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də ciddi dərəcədə ortadan qaldırır. Bir ton tullantı kağızın yenidən emal edilməsi edilməsi 8 ağacın kəsilməsinin qarşısını alır.
Təkrar emalın 0-dan istehsaldan əsas fərqi sənaye proseslərinin sayının xeyli az olmasıdır. Bu da öz növbəsində böyük miqdarda enerji qənaətinə şərait yaradır. Metallar üzərindən nümunə versək, təkrar emal prosesində tullantı birbaşa əridilir və yeni bir məhsula çevrilir. Beləliklə, həm istehsal üçün istifadə olunan filiz, həm də mədənin təmizlənməsi üçün tətbiq olunan etaplar tələb olunmur. Bu şəkildə bir alüminium qutunun təkrar emalında təxminən 95% enerji qənaəti əldə edilir.
Təkrar emal uzunmüddətli planlamada səmərəli iqtisadi sərmayədir. Gələcəkdə təbii sərvətlərin sürətlə tükənməsi ciddi iqtisadi problemlərin yaranacağına işarə verir. Təkrar emal isə yeni iş imkanları təmin edərək gələcək nəsillərin dünya təbii ehtiyatlarından faydalanmasına imkan yaradacaqdır.
Yuxarıda qeyd edildiyi kimi, təkrar istifadənin məqsədlərindən biri atılmalı olan tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Torpağın və suyun çırklənməsi öz növbəsində kənd təsərrüfatı məhsullarının çirklənməsinə vəsilə olur. Bu da öz növbəsində insanların sağlamlığına mənfi təsir göstərir və sağlamlıq xərclərini artırır. Dolayısı ilə təkrar emal prosesi ilə səhiyyə xərclərini də azaltmaq mümkündür.
Qısa olaraq təkrar emalın əhəmiyyətləri aşağıdakı kimidir:
- Təbii ehtiyatların azalmasının qarşısını alır.
- Enerji qənaətini təmin edir.
- Tullantıların miqdarı azalır.
- İqtisadiyyata töhvə verir.
- Gələcək nəsillər üçün təmiz bir mühit təmin edir.
Biz də “Caspian Cable Systems” olaraq təkrar emal prosesinə ciddi önəm veririk. Belə ki, istehsal etdiyimiz kabellərdən geriyə qalan tullantılar (mis, alüminium və PVC) təkrar emal prosesinə tabe tutulur. Mis və alüminium əritmə qazanlarında əridilərək məftil halına gətirilir. PVC ya da Polivinil Xlorid isə xüsusi cihazlarda doğranaraq kabellərdə “dolğu” materialı kimi istifadə olunur. Beləliklə kabellərin 3 əsas xammaddəsi mis, alüminium və PVC firmamızın nəzdində təkrar emal ilə istehlak dövriyyəsinə yenidən daxil edilir.
Müəllif: Elnur Bədəlov