SpaceX-in Starship kosmik gəmisi yerə eniş etdikdən sonra partlayıb (VİDEO)

ABŞ-ın kosmik aviasiya şirkəti SpaceX-in Marsa göndərməyi planlaşdırdığı yeni nəsil kosmik cihaz Starship-in 10 km hündürlüyə uçuş və geriyə qəzasız eniş etmə cəhdi uğurlu alınıb. Lakin enişdən bir müddət sonra gəmi partlayıb.

SpaceX-in üçüncü yüksək uçuş cəhdini yerinə yetirən kosmik gəmisi Starship uğurlu bir uçuşun ardından, 6 dəqiqə 20 saniyə sonra platformaya şaquli və yumşaq bir eniş gerçəkləşdirib. Hamı hər şeyin yolunda getdiyinini düşündüyü anda, mühərrik hissədə görünən alovların artması nəticəsində, enişdən 8 dəqiqə sonra böyük partlayış baş verib.

Daha öncə bu prototipin baş tutan iki uçuşu (SN8 və SN9) da uğursuzluqla nəticələnmişdi. Lakin SN10 uçuşu zamanı raketin manevrləri uğurla yerinə yetirməsi və kifayət qədər yaxşı eniş etməsi, daha öncəki cəhdlərlə müqayisədə bu uçuşu nisbətən uğurlu adlandırmağa imkan verir.

Texasın Meksika sərhəddi yaxınlığında test platformasında gerçəkləşdirilən uçuş sonrası baş verən partlamaya yanacaq tankerində meydana gələn bir sızıntının səbəb olduğu açıqlanıb.

SN10 uçuşunun gün ərzində ilk cəhdi uçuşa bir neçə saniyə qalmış kompüter sistemində aşkarlanan bir problem səbəbindən avtomatik olaraq ləğv edilmişdi.

Kosmik gəminin uçuş, eniş və partlama anına aşağıdakı videodan təkrar baxa bilərsiniz:

Uçuş anı: 10:24:25

Partlama anı: 10:39:03