Bill Gates pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı proqnoz verdi
ABŞ mərkəzli texnologiya şirkəti olan Microsoft-un qurucusu Bill Gates dünyanın COVID-19 pandemiyasının təsirlərindən tam şəkildə 2022-ci ilin sonlarında qurtulacağını bildirib.
Gazeta Wyborcza qəzeti və TVN24 televiziyasının sullarını cavablandıran Gates “2022-ci ilin sonunda tamamilə normal vəziyyətə dönmüş olacağıq” açıqlamasını verib. O, müsahibəsində koronavirus vaksinlərinin pandemiyanın səbəb olduğu faciələrin sona çatmasında əsas açar nöqtə olduğunu diqqətə çatdırıb.
Bill Gates 2015-ci ildə dünyada milyonlarca insanın ölümünə bir müharibə deyil, tez yayıla bilən bir virusun səbəb ola biləcəyini açıqlamışdı. Bu günə qədər əldə edilən statistikaya əsasən təxminən 126 milyon insan koronavirusa yoluxub və 2.7 milyon insan bu virusdan dünyasını dəyişib.
Qeyd edək ki, Bill Gates bu günə qədər COVID-19 virusu ilə mübarizə üçün 1.75 milyard dollar vəsait ayırıb. Bu vəsait əsasən vaksin istehsalçılarına dəstək üçün xərclənir.
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Vaksin İmmunizasiya Qlobal İttifaqı (GAVI) tərəfindən dəstəklənən və yoxsul ölkələri vaksinlə təmin etmək üçün hazırlanan COVAX, 2021-ci ilin sonuna qədər aşağı gəlirli ölkələr üçün 2 milyard doza vaksin hazırlamağı planlaşdırır.