Nəhəng asteroid 21 Martda Yerin yaxınlığından keçəcək.
NASA 21 mart tarixində nəhəng bir asteroidin Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb. Məlumatda 2001 FO32 adı verilən asteroidin 2021-ci ildə gözlənilən ən böyük asteroid olduğu da qeyd olunub.
20 il əvvəl kəşf olunmuş 2001 FO32 o tarixdən bəri müntəzəm olaraq NASA tərəfindən izlənilib. Nəhəng asteroidin 440-680 metr diametrdə olduğu və saatda 124 min kilometr sürətlə hərəkət etdiyi məlum olub.
NASA asteroidin Yerdən 2 milyon kilometr məsafədən keçəcəyini, Yerlə toqquşma riskinin isə olmadığını bildirib. Bu məsafə uzaq kimi görünə bilər. Lakin nəzərə alsaq ki, Yerin ona ən yaxın planet olan Venera ilə məsafəsi 38 milyon kilometrdir, o zaman asteroidin elə də uzaq məsafədən keçməyəcəyi aydın olur.