NASA-nın kosmik cihazı bu gecə Marsa eniş edəcək

NASA Perseverance adlı kosmik cihazın Marsa eniş etməsi üçün mükəmməl bir xətt üzərində yol aldığını açıqlayıb. Bir ton ağırlığı olan kosmik cihazın 18 fevral cümə axşamı günü Marsın Jezero adlanan kraterinə endirilməsi hədəflənir.

Kosmik cihaz Marsda qaldığı müddətdə keçmiş həyat izlərini araşdıracaq, dağ süxurlarından nümunələr toplayıb sənədləşdirərək Yerə göndərəcək, qırmızı planetin iqlimini və geoloji xüsusiyyətlərini xarakterizə edəcək.

Proyektin rəhbəri Jeniffer Trosper Perseverance kosmik cihazının Marsın atmosferinə girişindən öncə manevr etmə qabiliyyətlərinin olduğunu, lakin buna ehtiyac qalmayacağını düşündüyünü qeyd edib.

Kosmik cihazdan əldə edilən siqnal, atmosferə daxil olmanın Bakı vaxtı ilə saat 23:48-də gerçəkləşəcəyini göstərir. Əgər hər şey yolunda gedərsə, uğurlu eniş haqqında siqnalın enişdən yeddi dəqiqə sonra Yerə çatacağı məlumdur.

Yer ilə Mars arasında 190 milyon kilometr məsafə mövcuddur. Bu isə o deməkdir ki, hər hansı bir siqnalın Marsdan Yerə çatması üçün təxminən 11 dəqiqə tələb olunur. Bu müddət Yerdəki nəzarət mərkəzinin hər hansı gözlənilməz hadisəyə reaksiyasının mümkünsüz olduğu anlamına gəlir. Bu səbəbdən nəzarət Perseverance kosmik cihazının avtomatik sistemlərində olacaq.

Qeyd edək ki, NASA 2012-ci ildə Marsın Gale kraterinə Curiosity kosmik cihazını endirmişdi. Perseverance kosmik cihazı Curiosity-ə xarici görünüşünə görə bənzəsə də, əslində çox fərqli avadanlığa sahibdir. Keçmiş həyat izlərinin araşdırılması, süxur nümunələrinin toplanması, iqlim xüsusiyyətlərinin analizi və s. bu kimi elmi araşdırmaları apara bilməsini təmin etmək üçün xüsusi alətlərlə təchiz olunmuşdur.

Baş mühəndis Adam Steltzner cihazın hərəkət sisteminin də Curiosity-dən əldə edilən təcrübə əsasında təkmilləşdirildiyini bildirib. Perseverance-in hərəkət sistemi (təkərləri) Marsın qayalıqlı səthində daha uzun müddət hərəkət edə bilməsi üçün özəl zolaqlarla istehsal edilib. Üzərinə 20 kamera və bir cüt mikrofon quraşdırılmış kosmik cihazın Yerə çoxlu özəl görüntü yollayacağı gözlənilir. Cihazda kamera çəkim qabiliyyətinə malik bir mini helikopter də mövcuddur.

azAzerbaijani