Müasir telekommunikasiya vasitələri və onların xronologiyası
Ən sadə dildə telekommunikasiya iki və daha çox insanın texnologiyanı istifadə edərək bilgi alış-verişi etməsidir. Telekommunikasiya sözü yunancada məsafə mənasına gələn “tele” və latıncada paylaşmaq olan “coommunicare” kəlmələrinin birləşməsindən yaranmışdır. Bu söz birləşməsini ilk dəfə fransız mühəndis Edouardo Estaunie leksikona daxil edilmişdir.
“Telekommunikasiya” sözünün mövcudluğundan əvvəl də “uzaq məsafədən rabitə” insanları düşündürən fikirlər arasında ilk sıralarda yer alırdı. İlk və orta əsrlərdə tüstü, təbil, göyərçinlərlə ünsiyyət insanlar arasında rabitənin ilk nümunələri idi. Bu haqda məqaləmizin ilk bölümündə geniş açıqlama vermişdik. Bu araşdırmamızda isə 19-cu əsrdən etibarən elektriklə bağlı inqilabi kəşflərin telekommunikasiya sahəsində ortaya çıxardığı innovasiyalardan bəhs edəcəyik.
Teleqraf
19-cu əsrdə elektrik enerjisinin kəşfi bir çox innovativ yeniliklərin ortaya çıxmasına səbəb olmuşdur. Belə ki, teleqrafın 1832-ci ildə Samuel Morse tərəfindən kəşfi insanlararası xəbərləşməni fərqli bir sferaya keçirdi. Beləliklə bəşəriyyət tarixində bir ilk, elektriklə xəbərləşmə dövrü başlandı. Teleqraf modern telekommunikasiya vasitələrinin əcdadı olaraq tarixə keçdi. Hətta onun müjdəsi o qədər böyük olmuşdur ki, dövrün Osmanlı padşahı Abdulməcid Samuel Morse-ni “Osmanlı İftixar Medalı” ilə təltif etmişdir.
Daha sonra teleqraf vasitəsilə rabitə o qədər yayılmışdır ki, 17 may 1865-ci ildə ölkələr arasında Beynəlxalq Teleqraf Sazişi imzalanmış və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU – İnternational Telecommunication Union) yaradılmışdır. Bu səbəbdən 17 May “Ümumdünya Telekommunikasiya Günü” kimi qeyd olunur.
Telefon
Tarix 1876-cı ili göstərdiyində telekommunikasiya sahəsində inqilab baş verdi. Amerikalı alim Alexander Graham Bell, insan səsini elektrik siqnallarına çevirən və daha sonra bu siqnalları səs olaraq ötürə bilən telefonu icad etdi. Günümüzdə hələ də istifadə olunan bu vasitə teleqrafdan göndərilən mesajın anlıq sürəti ilə fərqlənirdi.
Radio
Hər bir icad özündən sonrakı kəşfin xəbərçisidir. Belə ki, 19-cu əsrin sonlarında daha bir böyük innovasiya olan naqilsiz xəbərləşmənin təməlləri atıldı. İtalyan alim Guglielmo Marconi 1898-ci ildə radionu kəşf edərək telekommunikasiya sahəsində yeni bir dövr açdı. İlk dəfə gəmilərdən sahilə siqnal göndərmək üçün istifadə olmuşdur. 1923-cü ildə yüksək tezlikli radio dalğalarının ionosferə çırpıldığı və dünyaya qayıtdığı sübut edildikdə, radio sürətlə yayılmışdır.
İnternet
Bu gün ən sürətli telekommunikasiya vasitəsi sayılan internetin teorik təməli 1962-ci ildə J.C.R.Licklider tərəfindən Masschussets universitetində atılmışdır. İlk başlarda utopiya kimi qəbul edilən bu teoriya 1969-cu ildə praktikada əksini tapmış və günümüz internetinin ilk versiyası ortaya çıxmışdır.İnternet və onun yaranması haqqında əvvəlki məqalələrimizdə geniş məlumat vermişik.
Müasir dövrdə internet sayəsində telekommunikasiya yüksək inkişaf göstərmişdir. CAT və Fiber Optik kabellər sayəsində yüksək ölçülü datalar saniyələr ərzində istənilən məsafəyə göndərilə bilməkdədir.
Günlük həyatımızın bir parçasına çevrilən internet, dünya iqtisadiyyatının da mərkəzində yer almaqdadır. Bu səbəblə 21-ci əsr, internet əsri də adlandırılır. COVID-19 pandemiyası da bu texnologiyanın nə dərəcədə lazımlı olduğunu bir daha gözlər önünə sərdi. Belə ki, karantin dövrüdə insanlar işlərini evdən çıxmadan internet vasitəsilə həll etmək məcburiyyətindədir. Bununla yanaşı, 5G texnologiyasının (növbəti məqalələrimizdə bu mövzu haqqında geniş bəhs edəcəyik) yaxın zamanlarda istifadəyə veriləcək olması internet və ona bağlı olan sistemlərin əhəmiyyətini daha da artırır. Bizim üzərimizə düşən məsuliyyət isə dünyada baş verən bu texnoloji yeniliklərə ölkə və millət olaraq adaptasiya olmaqdır.
Müəllif: Elnur Bədəlov