Mis metalı, mis kabellər və onların özəllikləri
Ötürücü bütün növ kabellərin əsas inqridientidir. Məhsulun növünə, keyfiyyətinə və dəyərinə biləvasitə təsir edən bu metalların tarixini, xüsusiyyətlərini və əhəmiyyətini bilmək vacib amildir. Naqilləri fərqləndirən təməl faktorlardan olan ötürücü əsasən mis və alüminium olmaqla iki yerə ayrılır. Bu səbəbdən məqaləmizi iki hissəli olaraq sizlərlə paylaşacağıq. Araşdırmamızın ilk bölümünü mis metalı təşkil edəcək.
ÖTÜRÜCÜ NƏDİR?
Ötürücü elektrik yüklərinin sərbəst hərəkət edə bildiyi materialdır. Daha sadə dildə desək elektrik cərəyanı keçirmə qabiliyyəti olan maddələrə ötürücü və ya keçirici deyilir.
Cərəyanı keçirən hər bir ötürücü isə elektrik axımına (Amper) qarşı müəyyən bir müqavimət (Ohm) göstərir. Bu müqavimət öz növbəsində metalın istiləşməsinə səbəb olur. Buna görə istilik şəklində enerji itkisi meydana gəlir. Buna gərginliyin (Volt) azalması da deyilir.
Bir ötürücünün cərəyan daşıma gücü əriməyə nə qədər davamlı olması ilə müəyyənləşdirilir. Beynəlxalq standartlardan (The International Electrotechnical Commission (IEC) – Beynəlxalq Elektrotexniki Komissiyası tərəfindən qərar verilmiş ölçülər) artıq cərəyanın keçməsi metal ötürücünün isinməsinə və nəhayət əriməsinə səbəb olur. Bundan dolayı istifadə olunacaq kabelin təyinatını, özəlliklərini və sahib olduğu ötürücünün xüsusiyyətlərini bilmək zəruridir.
Mis, bəşəriyyətin tanış olduğu ilk metal növlərindən biridir. Kimyəvi adı Cuprum (Cu) olan metalın tarixdə ilk geniş istifadəsi Roma imperiyası dövrünə təsadüf edir.
Zamanın əsas mis ehtiyacı, Kipr adasından təmin edildiyi üçün bu metal “Aes Cyprium” (Kipr metalı) adlandırılmış və əksər dillərdə elementin adı bu sözdən törəmişdir. Mis sözünə ingilis dilində “Copper”, alman dilində “Kupfer” və fransız dilində “Cuivre” deyilir.
Başqa bir fikrə görə metal adını Kiprdən deyil, ada adını metalın adından almışdır.
MİSİN ƏHƏMİYYƏTİ
Günümüzdə dəmir və alüminiumdan sonra ən çox istifadə olunan metal olan mis illik 13 milyon tonun üzərində istehlak olunmaqdadır. Bu metalın belə geniş istifadə olunmasının bir neçə səbəbi vardır.
1. Dünyanın əksər bölgələrində mis yataqlarının olması onu geniş miqyasda istehsal etməyə şərait yaradır.
2. Qızıl (zərgərlik) və bürünc kimi yüksək sənaye əhəmiyyəti olan ərintilərin hazırlanmasında istifadə edilir.
3. Mis yüksək elektrik ötürücülüyünə malikdir.
Günümüzdə misin istifadə sahəsi çox genişdir. Ən çox istifadə olunduğu sfera isə enerji daşınmasını təmin edən elektrik kabelləri istehsalıdır.
MİSİN NÖVLƏRİ
1. Blister Mis: 97-98% saflıqda olur. Bu növ mis özündə Dəmir, Kükürd, Gümüş, Nikel və s. ehtiva edir.
2. Elektroliz olunmuş mis: % 99.9 saflıqda olur. Xüsusi kimyəvi maddələr ilə tərkibindəki digər metallardan təmizlənir.
3. İstilkdə tavlanmış mis: % 99 saflıqda olur. Xüsusi istilik otaqlarında bu proses gerçəkləşdirilir.
MİSİN FİZİKİ XÜSUSİYYƏTLƏRİ
Mendeleyevin tərtib etdiyi dövri cədvəldəki simvolu CU, atom nömrəsi 29, sıxlığı 8,96qr/sm³ olan mis kükürdlü, oksidləşmiş və kompleks halda təbiətdə var olan metaldır. Qırmızı və qəhvəyi rəngli görünüşü olan mis yüksək elektrik və istilik keçirə bilmə qabiliyyəti sayəsində kabel sənayesi üçün əvəzolunmazdır. Mis, atmosfer şəraitinə son dərəcə davamlı bir elementdir. Aşağı müqavimətə sahib olması və soyuq halda formasının dəyişdirilə bilməsi onun önəmini artırır.
MİSİN VƏTƏNİ HARADIR?
Dünyanın ən böyük mis rezervləri- Çili, Meksika, Peru, Kanada və ABŞ ölkələrini əhatə edən geoloji zonasında yer almaqdadır. Bu bölgədəki ehtiyatlar dünya mis istehsalının 50%-ni qarşılamaqdadır. Azərbaycanın mis ehtiyatları isə əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad rayonlarında cəmləşmişdir.
Müəllif: Elnur Bədəlov