Keyfiyyətli kabeli necə tanıya bilərik?
Keyfiyyətli kabel xüsusi laboratoriyalarda müəyyən olunduğu halda, adi gözlə diqqət edərək keyfiyyətli kabel necə müəyyən oluna bilər?
Gündəlik yaşantımızda bəzi məhsullar var ki, xüsusi əhəmiyyət kəsb edir. Hətta həyatımızın bir parçasıdır desək yanılmış olmarıq. Bunlardan biri də kabellərdir (Oxu: Kabel nədir?). Ən kiçik mobil cihazlardan başlayaraq, şəhərlər hətta ölkələr arasında elektrik enerjisi axımını təmin edən bu məhsulun keyfiyyəti laboratoriyalarda xüsusi cihazlar ilə yoxlanılır. Bu məqaləni yazmağımızdakı əsas məqsəd xüsusi cihazlar və laboratoriyalar olmadan kabellərin keyfiyyətini necə ortaya çıxara biləcəyimizdir.
Günümüzdə insan orqanizmi elmə məlum olan ən mükəmməl sistem hesab olunur. Bu sistemin bir parçası olan beynimiz, gözlərimiz və əllərimiz kabellərin keyfiyyətini ortaya çixara biləcək ən yaxşı laboratoriyadır. O zaman bu “laboratoriyanın” istifadə qaydaları və prinsipləri ilə tanış olaq.
Gündəlik həyatda hər birimiz evə, ofisə ya da ticari obyektlərə kabel almışıq və yaxud alacağıq. Bu zaman usta bir elektrik gözü ilə kabellərin keyfiyyətini analiz etmək aşağıdakı qaydaları bilməkdən keçir.
Kabelin markalanması
Bütün növ kabellərin üzərində 1 metrlik aralıqlarla istehsalçı firma, məhsulun növü, adı və istehsal standartı oxunaqlı şəkildə yazılmalıdır. Kabelin üzərində bu bilgilərin olmaması onun keyfiyyətsiz məhsul olmasına dəlalət edir.
Ötürücünün üzərində çapıq və cızıqlar
Keyfiyyətli kabel izolyasiyası soyulduqdan sonra ortaya çıxan ötürücünün yəni metalın üzərində çapıq və ya cızıq olmamalıdır. Ötürücü metalın ya da misin istənilən ölçüyə incəldilməsi prosesinə tel incəltmə deyilir. Bu əsnada diqqətli olunmalı və proses yaxından izlənilməlidir. Əks təqdirdə misin üzərində yaranacaq cızıq və ya çapıqlar izolyasiyaya zərər verib, qısa qapanmaya səbəb olacaq. Bu da öz növbəsində kabelin ömrünü qısaldacaqdır.
Ötürücünün üzərində yaranmış qaralma
Kabellər istehsal olunduqdan sonra doğru depolanmalı və ya paketlənməlidir. Nəm və ya suya məruz qalan ötürücünün qaralması qaçınılmazdır. Qaralmış ötürücüyə sahib kabel isə tam mənada öz funksiyasını tam yerinə yetirə bilməyəcəyi üçün uzun zaman periodunda elektrik itkisinə səbəb olacaqdır. Dolayısı ilə aldığınız kabelin ötürücüsünün rəngi keyfiyyəti bəlirləyən önəmli faktorlardan biridir.
Keyfiyyətli kabel-in xarici görünüşü
Aldığınız kabelin xarici səthinə diqqətlə baxın və ovuc içi ilə kontrol edin. Əgər kabelin ovallığında şişkinlik, hava qabarcığı ya da vizual olaraq narahatlıq verən bir xəta varsa, bu məhsulun keyfiyyətsiz olduğuna bir işarədir. Belə olduğu təqdirdə məhsulun test raportlarını tələb edin. İstehsalçı bu raportları təqdim etməklə mükəlləfdir.
Ötürücünün müqaviməti
İstehsalçı firma əgər ötürücünün saflıq dərəcəsinə diqqət etməzsə və ya keyfiyyətsiz metal istifadə edərsə, kabeldə isinmələr olacaq. Bu da öz növbəsində qoruyucu örtüklərin ömrünü qısaldacaq. Bununla yanaşı kabeldəki isinmələr elektrik axımı daşıma qabiliyyətini azaltdığı üçün enerji itkiləri ortaya çıxacaq. Bu da istfadəçinin daha çox elektrik pulu ödəməsinə səbəb olacaqdır.
Keyfiyyətli kabel-də izoliyasiya və xarici örtük qalınlıqlar
Kabellərin izolyasiya və xarici örtük qalınlıqları standartlar daxilində verilən minimum dəyərlərə uyğun olmalıdır. İzoliyasiya qatmanında ola biləcək ciddi qalınlıq fərqləri, qisa qapanma riskini artıraraq yanğınların ortaya çıxmasına vəsilə ola bilər. Bununla yanaşı izolyasiya qalınlığındakı fərq, ömründən tez aşınaraq yaralanma və partlamalara səbəbiyyət verə biləcəyindən, diqqət edilməsi vacib faktorlardandır.
Ümid edirik ki, bu məqaləmizlə ən az bir insana keyfiyyətli kabel seçməkdə yardımçı ola bildik.
Müəllif: Elnur Bədəlov