Internet kabelləri və onların tarixçəsi
Internet kabelləri, onların funksiyası və tarixi, həmçinin internetin yaranması və inkişafı haqqında bu məqaləmizdən öyrənə biləcəksiniz.
İstifadəsi hər keçən gün artan internet və internet texnologiyaları, həyatımızda böyük bir əhəmiyyətə sahibdir. Hətta bu əhəmiyyəti və onun təsirini 18-ci əsrin sonlarında İngiltərədə ortaya çıxan 1-ci Sənaye İnqilabı ilə müqayisə etsək yanılmış olmarıq.
Getdikcə artan sürətlə bir-birinə bağlanan bilgisayarlar, dünyanın istənilən yerindən bilgi okeanına açılmağımızı təmin edir. Bu sistem vasitəsi ilə saniyələr içində “Casuarius” quşlarının bəslənməsi ya da son beş dünya olimpiadasında çempion olmuş idmançıların adlarının yer aldığı siyahını əldə edə bilərik. Bu məqaləmizdə bütün bu bilgilərə qapı açan, ineternet və onun ötürülməsində başlıca rol oynayan internet kabellərinin funksiyası və tarixi haqqında danışacağıq.
İnternetin yaranması
Bu günkü internetin teorik təməli 1962-ci ildə J.C.R.Licklider tərəfindən Massaçusets Texnologiya İnstitutunda atılmışdır. Licklider, bu hipotezində beynəlxalq olaraq bağlanmış bir sistemdə istəyən hər kəsin, istənilən yerdən data və proqramları rahatlıqla əldə edə biləcəyini ilk dəfə dilə gətirmişdir.
Bu teoriyasını açıqladıqdan sonra eyni ildə Amerika Hərbi Bilgisayar Araşdırma Departamentinin başına gətirilir. ABŞ Müdafiə Nazirliyinin onun bu teoriyasına dəstək vermə məqsədi isə o günə qədər telefon xətləri ilə həyata keçirilən əmr-idarə sisteminin praktik olmaması idi. Telefon xətlərinin əsas nöqtələrinə veriləcək kiçik bir zərər, asanlıqla bütün sistemi istifadəyə yararsız hala gətirirdi. Yeni sistem isə ağır zərbə alsa belə, çalışan nöqtələr arasında rabitəni təmin etməli idi.
Nəhayət bu sistem 1969-cu ildə ARPANET(Advanced Research Project Agency Network) adı altında bilgisayarlar arası əlaqəni təmin etmək üçün yaradıldı. Bu çərçivədə ilk bağlantı 1969-cu ildə fərqli mərkəzlərin ana bilgisayarları arasında edildi. Beləliklə modern internetin ilk versiyası ortaya çıxdı. ARPANET şəbəkəsini təsis edən 4 fərqli mərkəz Kaliforniya, Stanford, Utah və Kaliforniya Santa Barbara Universitetləri olmuşdur.
1973-cü ildə ARPANET şəbəkəsinə Norveçdən iki universitet daha bağlanmış və bu hadisə ilk beynəlxalq bağlantı olaraq tarixə keçmişdir. İnkişaf edən bu şəbəkə 1980-ci illərdə dünya üzərindəki bir çox ölkəni, akademik qurumları və ticari şirkətləri əhatə edən internet halına gəldi. Hərb sahəsi üçün inkişaf etdirilən bu sistem, dünyanın hər bir tərəfi ilə rabitə əlaqəsi qurmağımızı təmin edən geniş bir qavrama çevrildi.
Internet kabelləri
Ethernet kabelləri struktur etibarı ilə elektrik kabellərindən çox fərqlənir və yaranma tarixi günümüzdən 40 il əvvələ dayanır. Belə ki, bilgisayar və internetin icadı bu cihazları birbirinə bağlamaq zərurətini də bərabərində gətirdi. 1972-ci ilinin sonlarında Robert Metcalfe Xerox firmasında “Etherneti” ixtira etdi və yuxarıda adı keçən firmanın bilgisayarlarının bir-biri ilə xəbərləşməsini yaratdı.
İlk internet kabelinin data ötürmə sürəti 2.94 Mega Bit/Saniyə idi. Qalınlığı 1sm olan ethernet tək parçalı koaksial kabeldən ibarət olmuşdur. Əvvəl adı “Alto Aloha Network” olan bu məhsul, daha sonra Metcalfe tərəfində “Ethernet” olaraq dəyişdirildi. Bununla icad etmiş olduğu bu kabelin, sadəcə Alto cihazlarında yox bütün bilgisayarlarda çalışdığını vurğulamışdır.
Ethernet 1979-cu ilə qədər sadəcə Xerox daxilində istifadə edilmiş, 1980-ci ildə isə rəsmi olaraq bütün dünyaya açıq elan edilmişdir. Bundan sonra Xerox, DEC və Intel firmaları birlikdə “DIX Standart” adı altında sürəti 10 MB/s olan internet kabelləri istehsal etdi və hərkəsə açıq məhsul halına gəldi.
Günümüzdə bir çox network texnologiyasından bəhs edilsə də, aralarında ən yayğını olan ethernetdir. Bu kabel ilk ortaya çıxdığı gündən etibarən texnologiyası və istehsal haqları ilə bütün dünyaya açıqdır.
Müəllif: Elnur Bədəlov