“Google” eşitmə qabiliyyətini artıracaq cihaz hazırlayır.

“Google”un ana şirkəti olan “Alphabet”in insanların eşitmə qabiliyyətini fövqəlinsan səviyyələrə qaldırmaq üçün gizli bir proyektə başladığı ortaya çıxıb. “Wolverine” adlandırılan proyektdə inkişaf etdirilmiş qulaqiçi cihazlarla insanların eşitmə qabiliyyətləri artırılacaq.

Proyekt “Alphabet”in nəzdində fəaliyyət göstərən və geyiləbilən məhsullar hazırlayan X laboratoriyasında həyata keçirilir.

“Business Insider”ə sızan məlumatlara görə işçi qrupunun hal-hazırda xarici səsləri izolə etmə mərhələsində olduğu bildirilib. Bu o deməkdir ki, “Wolverine” adlanan qulaqlıq vasitəsilə izdihamın içərisində bir nəfərin səsinə fokuslanmaq mümkün olacaq.

Cihazın bir neçə dəfə dizayn olunduğu bildirilən xəbərdə “Starkey Hearing Technologies” və “Eargo” kimi oxşar sahədə fəaliyyət göstərən şirkətlərdən işçilərin “Alphabet”ə transfer olunduğu da bildirilib.

azAzerbaijani