ethernet kabelləri

Ethernet kabeli və onun növləri

Ethernet kabeli haqqında günlük həyatımızda bizə fayda yaradacaq məlumatları bu yazımızda verməyə çalışacağıq. Bundan əvvəlki məqaləmizdə isə internet və ethernetin tarixi haqqında geniş məlumat vermişdik.(Oxu: Internet kabelləri və onların tarixçəsi). Bu rəngbərəng kabellər böyük data mərkəzləri, ofis və iş yerləri olmaqla günlük yaşantımızda hər birimizin qarşısına çıxmaqdadır. Sadəcə bir qisim insan bu kabellərin nə olduğunu, necə işlədiyini bilir. Ethernetin qısa və kompakt tərifi belədir: bilgisayar, router, modem və switch kimi cihazları bir-birinə bağlayan standart kommunikasiya şəbəkə növü ethernet kabelidir. Bu kabelin əsas özəlliyi elektrik enerjisi yerinə elektrik işarələri daşıması və səs, video ötürmə qabilliyətinə malik olmasıdır.

ethernet kabel

Keçən məqaləmizdə ethernet kabelinin R.Metcalfe tərəfindən 1972-ci ildə Xerox firmasında icad və istifadə edildiyini yazmışdıq. Daha sonra 1980-ci ildə bütün dünyaya açıq elan edilən bu kabelin ilk versiyası CAT1 (category1) adlandırılmışdır. İlk zamanlar 3 Mbps altında bir sürətə sahib olan ethernet, günümüzdə CAT7 (category7) kabelləri sayəsində 10 Gbps-dən daha yuxarı data transfer sürəti əldə edilmişdir.

Ethernet kabeli-nin növləri

ethernet kabeli və modem

Günlük həyatda ethernet kabellərinin adlandırılması ingilis mənşəli “category” sözünün rəqəmləndirilməsi ilə edilir. Yəni ilk versiya CAT1, son versiya CAT7 adı ilə ifadə edilmişdir. Zaman keçdikcə ethernet kabellərinin ilk versiyaları(CAT1, CAT2, CAT3, CAT4) data transfer etmək üçün  yetərsiz qalmış və istifadədən kənarlaşmışdır. Hazırda geniş istifadə olunan ethernet növləri CAT5, CAT6 və CAT7 kabelləridir.

Günümüzdə internetin hər evə girməsi ilə istifadəsi məcbur olan ethernet kabellərinin funksiyaları istifadəçilər tərəfindən bilinmir. Görünüş etibarı ilə eyni olsa da, bu kabellər növlərinə görə ciddi fərqlər göstərməkdədir. Bu fərqliliklər əsas olaraq transfer edilən datanın sürətindədir. O zaman ethernet kabellərinin növlərini və onların fərqlərini bir yerdə analiz edək.

CAT5 – Ethernet kabeli

cat5

CAT5 ethernet kabelləri günümüzdə ən yayğın və ən çox istifadə olunan ethernet kabel növüdür. Bu kateqoriya kabellər data transferinin sıx olmadığı və bağlantı məsafəsinin qısa oldğu yerlərdə istifadə olunur. CAT5 kabelləri 100mhz kanal genişliyində (xəbərləşmə kanalının üzərində daşınabiləcək maksimum tezliyə sahib olan siqnal, kanal genişliyidir) 10/100 Mbps sürəti qarşılamaqdadır. Kabel istifadə məsafəsi isə maksimum 100 metrdir.

Bu kateqoriya ethernetin birdə CAT5e versiyası var. Bu kabel isə CAT5-dən fərqli olaraq daha sürətlə(100/1000 Mbps) data transfer etmək qabiliyyətinə malikdir.

CAT6 – Ethernet kabeli

cat6

Bu kateqoriya ethernet kabelləri daha inkişaf etmiş olub, 250 mhz kanal genişliyində və 100 metr məsafədə 1 gigabit data transfer sürəti əldə etmək mümkündür. Qısa məsafələrdə(55 metr max.) istifadə edildiyi təqdirdə kabelin performansı 10 gigabit-ə qədər artmaqdadır.

CAT5 versiyasında olduğu kimi CAT6-da da inkişaf etdirilmiş versiya olan CAT6a mövcuddur. Bu kabellər 250-500 mhz kanal genişliyində və 100 metr məsafədə 10 gigabit data transfer sürətinə malikdir.

CAT7 – Ethenet kabeli

CAT7 kateqoriya kabellər, ethernet kabelləri arasındə ən çox data transfer gücünə malik olanıdır. Belə ki, internet kabellərinin ən son təkamül etmiş versiyası sayılır. Bu növ ethernet kabelləri, 600 mhz kanal genişliyində və 100 metr məsafədə 10 gigabitin üzərində sürətə sahib olur. Sürətlə yanaşı digər kateqoriya internet kabellərdən əsas fərqi,  daha çox qorumaya sahib olmasıdır. Bu qoruma isə öz növbəsində xarici zərbələrə qarşı davamlılıq və ətrafda olan cihazların yaydığı elektro maqnetik dalğalara qarşı dayanıqlılıq təmin etməkdədir.

Ethernet kabelləri növləri

Müəllif: Elnur Bədəlov

azAzerbaijani