Bitkilər ilə insanlar arasında əlaqə qurmaq mümkündür (Araşdırma).

Elm adamları bitkilərin yaydığı elektrik siqnallarını izləyərək insanlar və bitkilər arasında əlaqə kanalı qurula biləcəyini təsbit edib.

Sinqapurda yerləşən Nanyang Texnologiya Universitetindən bir qrup tədqiqatçı bitkilərin yaydığı elektrik siqnallarını qavrayan və siqnal yolu ilə bitkiyə təlimat verilməsini təmin edən keçirici bir materialın köməyilə bitkilər ilə əlaqə qurula biləcəyini müəyyənləşdiriblər.

Hər bitkinin eynilə beyin kimi elektrik siqnalı yayaraq ətrafındakı hadisələrə reaksiya verdiyini bildirən tədqiqatçılar, yarpaqlar arasında yerləşdirilən keçirici materialla smartfon vasitəsilə bitkilərlə əlaqə qura biliblər.

Araşdırma çərçivəsində Milçəkqapan bitkisi (Venus flytrap) üzərində təcrübə aparılıb. Bitkinin qapanlarına “termogel” olaraq bilinən bir yapışdırıcı yardımı ilə 3mm qalınlığında elektrod (elektrik cərəyanını ötürən material) yerləşdirilib.

Tədqiqatçıların smartfon vasitəsilə göndərdiyi elektrik siqnalını alan bitkinin 1.3 saniyə ərzində qapanlarını bağladığı müşahidə olunub. Növbəti mərhələdə daha güclü siqnalların göndərildiyi bir robot qol yardımı ilə Milçəkqapanın yarım millimetr qalınlığında bir məftili tutması təmin olunub.

Araşdırmanı aparan mütəxəssislər bitkinin “insanlar tərəfindən elektriklə idarə edilə bilən robot” kimi davrandığını bildiriblər.

Digər tərəfdən elektrodların bitkinin yaydığı qeyri-adi siqnalları qavrayan bir qəbuledici olaraq istifadə oluna biləcəyi və bunun sayəsində bitkiyə daha diqqətli qulluq göstərilməsinin mümkünlüyü vurğulanıb.

Araşdırma “Nature Electronics” jurnalında yayımlanıb.

azAzerbaijani