Apple son altı ildə 100-dən çox şirkət satın alıb
Amerikanın texnologiya nəhənglərindən olan Apple-ın CEO-su Tim Cook son altı ildə 100-dən çox şirkət satın aldıqlarını açıqlayıb. Bu, şirkətin hər üç-dörd həftədə bir şirkət alması mənasına gəlir.
Tim Cook hissədarlarla keçirdiyi iclasda bu satınalmaların böyük ölçüdə texnologiya və istedad transferi üçün olduğunu deyib.
Apple keçən ilin noyabr-dekabr dönəmində 111.4 milyard dollarla tarixinin ən yüksək gəlirini əldə etmişdi.
Ən yüksək məbləğli alış – Beats Electronics
Şirkətin son 10 ildəki ən böyük alışı qulaqlıq istehsal edən Beats Electronics olub. Apple rep musiqiçisi və prodüser Dr. Dre tərəfindən qurulan şirkətə 2014-cü ildə 3 milyard dollar ödəmişdi.
Şirkət 2018-ci ildə musiqi tanıma proqramı Shazam-ı 400 milyon dollara almışdı.
Apple kiçik şirkətləri satın alaraq, onların yeniliklərini öz məhsullarına inteqrasiya edir. Bunlardan biri 3D tanıma texnologiyasını inkişaf etdirən İsrail şirkəti PrimeSense-dir. Apple FaceID (üz tanıma) texnologiyasında bu proqram təminatından istifadə etmişdir.
Süni intellekt, virtual reallıq, podkast
Apple-ın keçən ilki yatırımları süni intellekt, virtual reallıq, ödəmə sistemi və podkast şirkətlərini də əhatə edir.
Şirkət 2019-cu ildə öz avtomatik sürüş texnologiyasına inteqrasiya etmək üçün sürücüsüz avtomobil istehsalçısı Drive.ai-ni satın aldı.
Apple 2016-cı ildə Uber-in Asiyadakı ən böyük rəqibi Didi Chuxing-ə bir milyard dollar yatırım edib.
Hal-hazırda Apple şirkətinin bazar dəyəri 2 trilyon dolların üzərindədir.
Elon Musk Apple-a Tesla-nı sata bilmədi
Analitiklər Apple-ın son altı ildə 100 şirkət satın almasına və böyük satınalma gücünün olmasına rəğmən, çox seçici davrandıqlarını deyirlər.
Elektrikli avtomabil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, 2013-cü ildə şirkətin çətin günlər keçirdiyi dövrlərdə Cook-a şirkəti satmağa çalışdığını, amma Tim Cook-un bunu rədd etdiyini açıqlamışdı.
Apple-ın həmçinin rəqiblərinin çoxu ilə müqayisədə satınalmalarda nisbətən daha qənaətcil davrandığı da məlumdur. Məsələn, Microsoft Linkedinə 26 milyard dollar, Amazon Whole Foods-a 17.3 milyard dollar, Facebook WhatsApp-a 19 milyard dollar ödəmişdi. Apple-ın ən böyük 10 alışının cəmi, bunların hər hansı biri üçün ödənən məbləğdən çox aşağıdır.