Alüminium metalı, alüminium kabellər və özəllikləri


Alüminium Mendeleyevin dövri cədvəlində 13-cü sırada yer alan və işarəsi “Al” olan kimyəvi elementdir. Miqdar olaraq yer qabığında ən çox yer alan bu metal (təxminən 8%) gümüşü rəngdə olub, təbiətdə boksit filizi şəklində mövcuddur. Gümüşü rəngi havaya məruz qalan elementin üzərində əmələ gələn oksid təbəqəsindən qaynaqlanır. Bu təbəqə qoruyucu olduğundan metala çox üstün korroziya xüsusiyyəti qazandırır. Minlərlə fərqli məhsul istehsalında istifadə olunan alüminium dünya iqtisadiyyatında əhəmiyyətli yerə sahibdir. Yüngüllük, möhkəmlik və keçiricilik xüsusiyyətləri bu metalı aviasiya, kosmos və kabel sənayesi üçün əvəzolunmaz edir.

Alüminiumun tarixi



Alüminiumun istifadəsi eramızdan əvvələ dayanır. Belə ki, Qədim Yunanlar və Romalılar bu elementin təbiətdəki formasını tibbdə qan dayandırıcı və ya damar büzücü olaraq istifadə etmişdir. Bununla yanaşı boyalardan fərqli rənglər əldə etmək üçün də alüminium duzları işlədilmişdir. Günümüz tibbi alüminiumun bu xüsusiyyətindən hələ də faydalanmaqdadır.

Saf olaraq Alüminiumu ilk dəfə 1825-ci ildə Danimarkalı fizik və kimyagər Hans Christian Øersted əldə etmişdir. Bu yumşaq metal o gündən bu yana bəşəriyyətin ən çox istifadə etdiyi elementlərdən biri olmaq özəlliyini daşıyır.

Alüminiumun xüsusiyyətləri

  • Yumşaq metaldır;
  • Ərintiləri saf formasından 15 qat daha davamlıdır;
  • Yüngül metaldır (misdən 3 qat daha yüngüldür);
  • Asanlıqla döyülüb formalaşdırıla bilir;
  • Korroziyaya davamlıdır;
  • Zəhərli metal deyil. Maqnit xüsusiyyəti də yoxdur;
  • Təkrar emal oluna bilir və ekoloji cəhətdən təmizdir;
  • Təkrar emal üçün istifadə olunan enerji, onu əldə etmək üçün sərf olunan enerjinin 5%-ni təşkil edir;
  • Elektrik ötürmək xüsusiyyəti kabel sənayesi üçün əhəmiyyətlidir;
  • Ərimə temperaturu 660 C⁰-dir.

Alüminiumun kabel sənayesindəki yeri


Alüminium dünyada dəmirdən sonra ən çox istifadə olunan metaldır. Hazırda illik istifadə miqdarı 50 milyon tonun üzərində olan bu metal ən çox Çində istehsal olunmaqdadır. Azərbaycanda isə Daşkəsən və Gəncə şəhərləri ərazisində Alüminium yataqlarına rast gəlinməkdədir.

Alüminium asanlıqla soyuyan və istiliyi əmən xüsusiyyətə sahibdir. Misdən daha ucuz və işlənməsi asan olduğu üçün istifadə sahəsi genişdir. Keçiricilik xüsusiyyəti isə alüminiumu enerji sənayesində xüsusi pilləyə yüksəldir. Elektrik naqillərinin istehsalında misdən sonra əsas yeri alüminium kabellər tutmaqdadır.

Müəllif: Elnur Bədəlov